Dropshipping üçün məhsul necə seçilir? Praktik bələdçi
NP Namig Pashayev
Rəqəmsal marketoloq

Ana səhifə / Bloq / Dropshipping

Dropshipping üçün məhsul necə seçilir?

Dropshipping üçün məhsul necə seçilir?

Dropshipping-də mağazanın dizaynı, reklam mətni və hətta büdcə — hamısı ikinci dərəcəlidir. Birinci məhsuldur. Səhv məhsulla mükəmməl reklam da zərərlə işləyir, düzgün məhsulla isə orta səviyyəli reklam belə satır. Bu yazıda dropshipping üçün məhsulun necə seçildiyini, hansı rəqəmlərə baxıldığını və Azərbaycan bazarında nəyin işlədiyini yazmışam.

Qısa cavab

Yaxşı dropshipping məhsulu üç şərti eyni anda ödəyir: konkret bir problemi həll edir, yaxınlıqdakı mağazada asan tapılmırsatış qiyməti maya dəyərinin ən azı 3 qatıdır. Bu üçü olmayanda reklam xərci qazancı yeyir.

Əgər modelin özü ilə hələ tanış deyilsənsə, əvvəlcə dropshipping nədir və necə işləyir yazısını oxu — burada onun üzərinə qururam.

Dropshipping-də məhsul seçimi niyə hər şeydən vacibdir?

Dropshipping-də sən istehsalçı deyilsən. Məhsulun keyfiyyətini dəyişə bilmirsən, qiymətini bir yerə qədər aşağı sala bilirsən, çatdırılma müddətini isə demək olar ki, heç idarə edə bilmirsən. Sənin idarə etdiyin yeganə böyük qərar nə satmaqdır.

Praktikada bu belə görünür: eyni mağaza, eyni reklam kabineti, eyni büdcə ilə iki fərqli məhsul test edilir. Birində bir satışın xərci 45 ₼ çıxır, digərində 12 ₼. Fərq reklamda deyil — məhsulda. Ona görə də ilk aylarda vaxtın böyük hissəsi dizayna yox, məhsul araşdırmasına getməlidir.

Noutbukda analitika qrafiki — dropshipping məhsul araşdırması rəqəmlərlə aparılır
Məhsul seçimi zövq məsələsi deyil. Axtarış həcmi, rəqib sayı, marja və reklam xərci — qərar bu dörd rəqəmdən çıxır.

Yaxşı dropshipping məhsulunun 7 əlaməti

İllər ərzində işləyən məhsulların demək olar ki, hamısında bu əlamətlərin çoxu var idi.

1. Konkret bir problemi həll edir

“Gözəl” məhsul satmaq çətindir, “problemi həll edən” məhsul satmaq asandır. Çünki birincisi üçün insanı inandırmaq lazımdır, ikincisi üçün sadəcə problemi xatırlatmaq kifayətdir. Mətbəxdə yer qənaət edən stend, maşında telefonu saxlayan maqnit, uşağın qapını çırpmasının qarşısını alan tıxac — bunların hamısı reklamda bir cümlə ilə izah olunur.

Mətbəxdə planşet stendi — problemi həll edən məhsul nümunəsi
Bu tipli məhsulların reklamı asandır: 10 saniyəlik videoda problem də görünür, həlli də.

2. Yerli mağazalarda asan tapılmır

Müştəri məhsulu yaxınlıqdakı mağazadan 20 ₼-a ala bilirsə, sənin saytından 45 ₼-a alıb üstəlik bir həftə gözləməyəcək. Ona görə də çay, corab, telefon qılıfı kimi hər yerdə olan mallar dropshipping üçün ən pis seçimdir. Axtarılan, amma rəflərdə olmayan məhsul isə tam əksinə.

3. Marja ən azı 3 qatdır

Bu, ən sərt filtrdir. Tədarükçü qiyməti 20 ₼-dırsa, məhsul ən azı 60 ₼-a satılmalıdır. Səbəbi sadədir: aradakı fərqin təxminən yarısı reklama gedir. 2 qat marja ilə işləyən mağazaların böyük hissəsi ilk ayı zərərlə bağlayır.

4. Yüngül və möhkəmdir

Ağır məhsul çatdırılmanı bahalaşdırır, kövrək məhsul isə yolda sınır və hər sınıq bağlama sənin qazancından çıxır. Bir kiloqrama qədər olan, düşəndə zərər görməyən məhsullar əməliyyat baxımından ən rahatıdır.

5. Qiyməti impuls alış zonasındadır

60–150 ₼ aralığı dropshipping üçün ən rahat zonadır. Bundan aşağıda marja qalmır, yuxarıda isə müştəri düşünməyə başlayır: rəyləri axtarır, brendi yoxlayır, qiyməti müqayisə edir. Naməlum mağaza bu müqayisəni çox vaxt uduzur.

6. Videoda yaxşı görünür

Reklamın böyük hissəsi videodur. Məhsulun işləmə anı ekranda göstərilə bilirsə — açılır, yığılır, təmizləyir, parlayır — kreativ hazırlamaq asandır. Görüntüdə heç nə baş vermirsə, reklamı satan mətnlə qurmaq lazım gəlir ki, bu, xeyli çətindir.

7. Təkrar satış və ya əlavə satış imkanı var

Bir dəfəlik alınan məhsulla mağaza qurmaq olar, amma böyütmək çətindir. Aksesuarı, əlavəsi, təkrar alınan hissəsi olan məhsullar isə hər müştəridən ikinci və üçüncü dəfə qazanmağa imkan verir.

Hansı məhsullardan uzaq durmaq lazımdır?

Məhsul tipiProblem
Geyim və ayaqqabıÖlçü problemi → qaytarma faizi çox yüksək
Elektronika (telefon, qulaqlıq)Zəmanət və nasazlıq öhdəliyi sənin üzərinə düşür
Brend məhsulun kopyasıHüquqi risk və reklam kabinetinin bloklanması
Kövrək əşyalar (şüşə, keramika)Yolda sınır, hər sınıq bağlama xalis zərərdir
Qida və kosmetikaSertifikat, saxlama müddəti, sağlamlıq iddiaları
Böyük mebel və avadanlıqÇatdırılma xərci marjanı tamamilə yeyir
Mövsümi məhsul (yolka bəzəyi)İlin 10 ayı satış sıfırdır

Bu siyahı “heç vaxt satma” demək deyil. Sadəcə hər sətir sənə əlavə iş və əlavə risk gətirir — ilk mağazan üçün bu yükü götürməyə dəyməz.

Dropshipping məhsul ideyalarını haradan tapmaq olar?

Rəqiblərin reklamlarına baxmaq

Ən sürətli mənbə Meta-nın reklam kitabxanasıdır. Orada istənilən səhifənin aktiv reklamlarını görmək olar. Bir reklam aylardır fasiləsiz işləyirsə, demək ki, pul qaytarır — kimsə zərərlə üç ay reklam verməz. Bu, sənə həm məhsul, həm də işləyən kreativ formatı göstərir. Meta reklamı tərəfini idarə edərkən bu vərdiş ən çox qazandıran vərdişlərdən biridir.

Marketplace-lərin bestseller siyahıları

Amazon, AliExpress, Trendyol kimi platformalarda kateqoriya üzrə ən çox satılanlar siyahısı var. Burada axtardığın hazır bestseller deyil — hansı problemin çox alıcısı olduğudur. Siyahıda təkrarlanan mövzular sənə niş göstərir.

Google Trends və axtarış həcmi

Bir məhsul ideyası tapandan sonra onun adının Azərbaycanda və qonşu bazarlarda necə axtarıldığına bax. Qrafik yuxarı gedirsə, erkən mərhələdəsən; artıq zirvədən enirsə, gecikmisən. Trend zirvəsində bazara girmək dropshipping-də ən bahalı səhvlərdən biridir.

Şərhlər və şikayətlər

Ən yaxşı məhsul ideyaları mövcud məhsulların pis rəylərində gizlənir. “Yaxşıdır, amma kabeli qısadır”, “işləyir, amma yığmaq çətindir” — bu cümlələr sənə həm boşluğu, həm də gələcək reklam mətnini verir.

Geniş mağaza yoxsa dar niş?

Ağ fonda mavi qantellər — dar niş məhsul nümunəsi
Dar niş auditoriyanı daraldır, amma reklamın hər manatını daha dəqiq işlədir.

Başlanğıcda iki yol var: hər şeydən bir az satan “ümumi mağaza” və bir mövzuya bağlı “niş mağaza”. Praktikada fərq belədir:

MeyarÜmumi mağazaNiş mağaza
Məhsul testiRahat — istənilən məhsulu əlavə edirsənMəhdud — mövzudan kənara çıxmır
EtibarZəif — mağaza “kim olduğu bilinməyən” görünürGüclü — ixtisaslaşmış görünür
Reklam xərciYüksək — auditoriya dağınıqdırAşağı — auditoriya dəqiqdir
Təkrar satışAzÇox — eyni müştəriyə əlaqəli məhsul satılır
Uzunmüddətli brendDemək olar ki, qurulmurQurulur

Məsləhətim belədir: testi ümumi mağazada apar, qazanan məhsul tapandan sonra onun ətrafında niş mağaza qur. Beləcə həm sürətli test edirsən, həm də uzunmüddətli brend qurmaq şansını itirmirsən.

Məhsul rəqəmi keçirmi? Marja hesabı

Hər namizəd məhsulu mağazaya əlavə etməzdən əvvəl bu hesabı çıxar. Nümunə: tədarükçü qiyməti 22 ₼, satış qiyməti 79 ₼.

MaddəMəbləğ
Satış qiyməti79 ₼
Məhsul + tədarükçü çatdırılması−32 ₼
Ödəniş komissiyası (~3%)−2,4 ₼
Qaytarma və itki ehtiyatı (~7%)−5,5 ₼
Reklamdan əvvəl qalan39,1 ₼

Deməli bir satışın reklam xərci 39 ₼-dan aşağı olmalıdır — yoxsa zərərdəsən. Bu rəqəmə break-even CPA deyilir və dropshipping-də ən vacib rəqəmdir. Test büdcəsini planlaşdırarkən hədəfin bunun təxminən yarısı olsun: 18–20 ₼.

Diqqət

Bu rəqəmi bilmək üçün satışların reklam kabinetinə düzgün düşməsi lazımdır. Piksel və konversiya hadisələri səhv qurulubsa, hesabatdakı rəqəm real deyil və sən yanlış məhsulu bağlayıb, zərərlisini böyüdə bilərsən. Analitika və izləmə qurğusu məhz buna görə ilk gündən lazımdır.

Məhsulu necə test etmək lazımdır?

Masa üzərində səliqə ilə düzülmüş qeyd dəftəri və qələmlər — məhsul testinin planlaşdırılması
Test planlı aparılmalıdır: eyni büdcə, eyni müddət, eyni ölçü meyarı. Yoxsa nəticələri müqayisə etmək mümkün olmur.
1

3–5 namizəd məhsul seç

Hər biri üçün yuxarıdakı marja hesabını çıxar. Rəqəmi keçməyəni elə burada sil — reklama çıxarma.

2

Test sifarişi ver

Məhsulu öz ünvanına sifariş et. Həm keyfiyyəti görürsən, həm real çatdırılma müddətini ölçürsən, həm də öz videonu çəkirsən.

3

Hər məhsul üçün 2 kreativ hazırla

Biri problemi göstərsin, biri nəticəni. Tədarükçünün kataloq videosu ilə test etmək nəticəni pozur — hamı eyni videonu işlədir.

4

Hər məhsula 3–5 gün və bərabər büdcə ver

Bir günün nəticəsinə görə qərar vermə. Məhsul başına ən azı 100–150 ₼ test büdcəsi lazımdır.

5

Rəqəmə bax, qərar ver

Səbətə əlavə var, satış yoxdursa — problem məhsulda deyil, məhsul səhifəsindədir. Kliklər ucuzdur, səbət yoxdursa — təklif zəifdir. Heç nə yoxdursa — məhsulu bağla.

Test edilən məhsulların 4-dən 3-ü işləməyəcək. Bu, uğursuzluq deyil — modelin normal iş rejimidir. Səhv o vaxt başlayır ki, işləməyən məhsula “bir az da versək düzələr” deyə büdcə tökülür.

Azərbaycan bazarında məhsul seçiminin özəllikləri

  • Çatdırılma müddəti qərara birbaşa təsir edir. 25 gün gözləməli məhsul burada çətin satılır. Yerli və ya Türkiyə tədarükçüsü ilə işləmək çox vaxt daha ucuz Çin qiymətindən sərfəlidir.
  • Nağd ödəniş faktoru. Qapıda ödəniş satışı artırır, amma imtina faizini də artırır. Marja hesabına ən azı 10% imtina ehtiyatı əlavə et.
  • Auditoriya kiçikdir. Eyni reklam eyni adamlara tez-tez düşür. Ona görə məhsulun auditoriyası çox dar olmamalıdır — 30–50 min nəfərlik niş burada tez tükənir.
  • Rəy və sübut vacibdir. Yerli alıcı naməlum saytdan alarkən əvvəlcə real istifadəçi videosu axtarır. İlk satışlardan sonra müştəri videolarını toplamağa başla — bu, sonrakı reklamların ən güclü materialıdır.

Məhsul seçimində ən çox edilən 6 səhv

  1. Özünə bəyəndiyini satmaq. Sənin zövqün bazarın zövqü deyil. Qərarı rəqəm versin.
  2. Ucuz məhsulla başlamaq. 15 ₼-lıq məhsulda marja reklam xərcini ödəmir.
  3. Trendə gec qoşulmaq. Hamının satdığı məhsula giriş — ən baha reklam deməkdir.
  4. Bir məhsulu test etmək. Bir məhsulun işləməməsi heç nə demir. Ən azı 3–5 namizəd lazımdır.
  5. Tədarükçünün şəkillərini olduğu kimi işlətmək. Eyni şəkillərlə 40 mağaza reklam verir — heç biri seçilmir.
  6. Test nəticəsini gözləməmək. Bir gündən sonra kampaniyanı söndürmək ölçü aparmamaqla eynidir.

Dropshipping üçün ən yaxşı məhsul hansıdır?

Universal “ən yaxşı məhsul” yoxdur, çünki bir məhsul işlədikcə rəqib sayı artır və reklam xərci qalxır. Yaxşı məhsul o məhsuldur ki, konkret bir problemi həll edir, yerli mağazalarda asan tapılmır və satış qiyməti maya dəyərinin ən azı üç qatına imkan verir.

Dropshipping-də neçə məhsul test etmək lazımdır?

Bir qazanan məhsul tapmaq üçün orta hesabla 4–8 məhsul test etmək lazım gəlir. Hər məhsula 100–150 ₼ test büdcəsi və 3–5 gün ayırsan, realist test paketi 500–900 ₼ arasında olur.

Məhsulun marjası nə qədər olmalıdır?

Ən azı 3 qat. Yəni 25 ₼-a aldığın məhsulu 75 ₼-dan aşağı satmamalısan. Bu fərqin təxminən yarısı reklama, bir hissəsi komissiya və qaytarmalara gedir, qalanı isə sənin xalis qazancındır.

Trend məhsul satmaq riskli deyilmi?

Risklidir, çünki trendin ömrü qısadır və zirvədə rəqabət ən yüksək həddə çatır. Trend məhsulla qazanmaq üçün ona erkən mərhələdə girmək lazımdır. Uzunmüddətli mağaza qurmaq istəyirsənsə, trend məhsulu gəlir mənbəyi kimi yox, sürətli nağd axını kimi gör.

Məhsulu haradan tapmaq olar — AliExpress kifayətdirmi?

AliExpress ideya tapmaq üçün yaxşıdır, amma tək mənbə olmamalıdır. Meta reklam kitabxanası işləyən reklamları, marketplace bestseller siyahıları tələbi, Google Trends isə mövsümü göstərir. Qərar bu üç mənbənin kəsişməsində verilməlidir.

Geyim satmaq olar?

Olar, amma başlanğıc üçün ən çətin kateqoriyalardan biridir. Ölçü uyğunsuzluğuna görə qaytarma faizi yüksəkdir və hər qaytarma marjanı birbaşa yeyir. Geyimə girməyi planlaşdırırsansa, ölçü cədvəlini və qaytarma siyasətini əvvəlcədən qur.

Nəticə

Dropshipping-də məhsul seçimi ilham məsələsi deyil, filtr məsələsidir: problemi həll edirmi, tapılması çətindirmi, marjası 3 qatdırmı, videoda görünürmü. Bu filtrdən keçən 3–5 məhsulu bərabər şərtlərlə test et və rəqəmə görə qərar ver.

Test mərhələsində reklamın hara getdiyini görmək istəyirsənsə və ya mağazanı düzgün qurulmuş halda başlatmaq istəyirsənsə — qiymət təklifi formasını doldur, layihənə birlikdə baxaq.

NP

Namig Pashayev

Rəqəmsal marketoloq. Yeddi ildir reklam kabinetlərinin içindəyəm — gördüklərimi burada yazıram.